2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoyan, iki qardaş dövlət arasında müttəfiqlik əlaqələrini hüquqi müstəvidə təsbit edən mühüm sənəddir. Bu sənəd təkcə Bakı ilə Ankara arasında strateji tərəfdaşlığın zirvəsi deyil, eyni zamanda Türk dünyasının gələcək inteqrasiya prosesləri üçün mühüm siyasi model kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsinin əhəmiyyəti, regional təhlükəsizlikdə rolu, Türk dövlətləri arasında əməkdaşlığın perspektivləri və Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətləri barədə Hərbi ekspert Şair Ramaldanovla danışdıq.
– Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə münasibətlərindəki tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?
-Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi həm tarixi hadisə, həm də tarixi sənəddir. Təsadüfi deyil ki, biz Türkiyəyə müraciət edəndə “qardaş Türkiyə” ifadəsini işlədirik, Türkiyə də Azərbaycana müraciət edəndə “qardaş Azərbaycan” deyə müraciət edir.
Ulu Öndərin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi bu sənəddə də öz əksini tapır. Türkiyə daim Azərbaycanı dəstəkləyib, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib. Bu, xüsusilə Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycanın öz qardaşına münasibətdə atdığı real addımlarda aydın şəkildə özünü göstərdi. Zəlzələdən zərər çəkmiş bölgələrdə Azərbaycanın dəstəyi ilə yaşayış məntəqələrinin tikintisi ilə bağlı qərarlar qəbul olundu və hazırda həmin layihələr həyata keçirilməkdədir.
Şuşa Bəyannaməsi demək olar ki, Azərbaycan-Türkiyə münasibətlərini hüquqi formada ən yüksək zirvəyə qaldıran sənəddir. Qarşılıqlı sevgi, dostluq, qardaşlıq və strateji münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu bu sənəd hüquqi müstəvidə təsbit etdi.
– Bəyannamədə təhlükəsizlik və müdafiə məsələlərinin xüsusi yer tutmasının səbəbi nədir?
- Burada, əlbəttə ki, ilk növbədə təhlükəsizlik məsələləri öz əksini tapıb. Ümumiyyətlə, Ulu Öndərin də qeyd etdiyi kimi, hər hansı nailiyyəti əldə etməkdən daha çətin olanı onu qoruyub saxlamaqdır. Məhz bu baxımdan Azərbaycan və Türkiyə arasında bütün inkişaf istiqamətlərinin təhlükəsizlik aspektləri də Şuşa Bəyannaməsində öz əksini tapıb. Azərbaycan Türkiyənin maraqlarında, Türkiyə isə Azərbaycanın maraqlarında çıxış edir. Hətta gələcəkdə təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı yarana biləcək vəziyyətlərdə də hər iki ölkənin maraqlarının qarşılıqlı şəkildə qorunması prinsipi bu sənəddə öz ifadəsini tapıb.
Əlbəttə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra müxtəlif sınaqlardan keçib və bütün bu sınaqlardan daha da güclənərək çıxıb. Bu da münasibətlərin inkişafının əsas göstəricilərindən biridir. Vətən müharibəsi dövründə də Türkiyə siyasi, mənəvi və diplomatik baxımdan Azərbaycanın yanında oldu.
– Şuşa Bəyannaməsinin Azərbaycanın Zəfəri və postmüharibə dövründəki proseslərlə əlaqəsini necə izah etmək olar?
- Birgə əməkdaşlığa əsaslanan və böyük inkişafa doğru istiqamətlənən fikirlər hər zaman səsləndirilir. Bu gün də Azərbaycan və Türkiyə dövlət başçıları görüşəndə ilk növbədə iki qardaş ölkənin liderləri kimi görüşürlər. Əlbəttə, bu sənəd böyük dəyərə malikdir. Ancaq mən buna yalnız Azərbaycan və Türkiyə arasında imzalanmış bir sənəd kimi baxmıram.
Bu gün dünyada gedən siyasi proseslər, gərginliklər, müharibələr və ədalətsizliklər fonunda görürük ki, bəzən güclü olan haqlı hesab edilir və haqsız şəkildə ayrı-ayrı ölkələrə zərbələr endirilir. İnsanlar qaçqın düşür, evləri və yurd-yuvaları dağıdılır. Azərbaycan da yaxın tarixində bütün bunları yaşamış bir ölkədir. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün xalq bir yumruq kimi birləşərək, qardaş Türkiyənin mənəvi dəstəyi ilə öz haqq işini həyata keçirdi. Azərbaycan öz gücü hesabına böyük Zəfəri təmin etdi, ölkənin ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpa etdi. Bu gün həmin ərazilərdə keçmiş məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıdışı üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Bu proses ardıcıl şəkildə davam etdirilir və yaxın gələcəkdə daha böyük nəticələrin şahidi olacağıq.
– Sizcə, Şuşa Bəyannaməsi yalnız iki ölkə arasında münasibətləri tənzimləyən sənəddir?
- Bu sənədi yalnız Azərbaycan-Türkiyə münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Mən hesab edirəm ki, Şuşa Bəyannaməsi bütövlükdə Türk dünyasında, türkdilli dövlətlər arasında münasibətlərin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm sənədlərdən biridir. Onu inkişafın perspektivi kimi qiymətləndirmək olar. Ona görə ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və birliyi bütün türkdilli dövlətlər üçün nümunəyə çevrilib. Bu gün artıq bütün türkdilli dövlətlərin bu birliyə böyük maraq göstərməsi də məhz həmin nümunənin nəticəsidir. Keçirilən sammitlərdə qarşıya qoyulan vəzifələrin, hədəflərin və niyyətlərin əsas mahiyyəti də Türk dünyasının Azərbaycan-Türkiyə qardaşlığı və dostluq münasibətləri ətrafında birləşməsidir. Bu proses kifayət qədər sürətlə inkişaf edir.
– Türk dövlətləri arasında hərbi əməkdaşlığın genişlənməsində Şuşa Bəyannaməsinin rolu nədən ibarətdir?
-Bu gün artıq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri nəticəsində türkdilli dövlətlər arasında hərbi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Türkdilli dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi istiqamətində atılan addımlar göstərir ki, geosiyasi proseslərdə yaranan vəziyyət və gələcək risklər nəzərə alınaraq ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik dövlətlərin bir araya gəlməsinə ciddi ehtiyac var. Türkdilli dövlətlərin vahid platformada əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələri genişləndirməsi və ortaq maraqlar ətrafında birləşməsi baxımından Azərbaycan-Türkiyə münasibətləri mühüm nümunə rolunu oynayır. Bu gün Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf etməkdə davam edir. Təkcə 2025-ci ildə, Prezidentin də qeyd etdiyi kimi, 25-dən artıq birgə hərbi təlim keçirilib. Gələcəkdə bu təlimlərin sayının daha da artacağı gözlənilir.
– Azərbaycan-Türkiyə əməkdaşlığını Cənubi Qafqazda təhlükəsizlik zəmanəti hesab etmək olarmı?
- İki qardaş ölkə Şuşa Bəyannaməsi ilə münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu rəsmi sənəd vasitəsilə bütün dünyaya nümayiş etdirdi. Əlbəttə, Azərbaycan-Türkiyə əməkdaşlığını Cənubi Qafqazda təhlükəsizlik zəmanəti kimi də qiymətləndirmək olar. Çünki “3+3” regional əməkdaşlıq platforması çərçivəsində Cənubi Qafqaz ölkələrinin, eləcə də Türkiyə və Azərbaycanın iştirakı ilə formalaşan əməkdaşlıq mühiti regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Azərbaycanın mövqeyi hər zaman aydın olub. Azərbaycan haqq işini müdafiə edir, sülh istəyir və bütün qonşuları ilə əmin-amanlıq, qarşılıqlı hörmət və dostluq şəraitində münasibətlər qurmağa çalışır. Belə bir şəraitdə Türkiyə kimi böyük və güclü dövlətin Azərbaycanın yanında olması, bu dəstəyin Şuşa Bəyannaməsi kimi mühüm hüquqi sənədlə təsbit edilməsi regionun təhlükəsizliyi baxımından böyük tarixi əhəmiyyət daşıyır.
– Şuşa Bəyannaməsinin gələcək perspektivləri və Türk dünyasına təsiri barədə nə deyə bilərsiniz?
- Bu gün geosiyasi proseslər göstərir ki, bir-birinə yaxın olan xalqlar birləşməli, ortaq maraqlar ətrafında sıx əməkdaşlıq etməli və öz müstəqilliklərini, milli maraqlarını birlikdə qorumalıdırlar. Azərbaycan atalar sözündə deyildiyi kimi, “tək əldən səs çıxmaz”. Bu baxımdan Şuşa Bəyannaməsini yalnız Azərbaycan-Türkiyə münasibətlərini tənzimləyən dostluq və qardaşlıq sənədi kimi deyil, həm də öz ətrafında digər türk dövlətlərini birləşdirməyə qadir olan strateji model kimi qiymətləndirmək daha doğru olar. Düşünürəm ki, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə inkişafı, Azərbaycan Ordusunun gündən-günə güclənməsi, Türkiyə Ordusunun regionda mühüm güc mərkəzi kimi çıxış etməsi və hər iki ölkənin həyata keçirdiyi siyasət Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin əsas təminatlarından biri kimi qəbul oluna bilər. Şuşa Bəyannaməsinin müddəalarının həyata keçirilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mühüm addımlar atıb. Bu addımlardan biri də Azərbaycan Ordusunun Türkiyə modelinə keçidi ilə bağlı verilən tapşırıqdır. Hazırda bu proses demək olar ki, yekun mərhələyə çatmaqdadır və bu, tamamilə məntiqi addımdır. Bu baxımdan Azərbaycanın NATO-nun ən güclü ordularından biri hesab olunan Türkiyə Silahlı Qüvvələrinin modelinə keçməsi olduqca mühüm addımdır. Düşünürəm ki, bu prosesi həm də Şuşa Bəyannaməsinin ruhuna və məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən ortaya qoyulan strateji yanaşmanın tərkib hissəsi kimi qiymətləndirmək olar.